ÜMUMİ TƏHSİL MƏKTƏBLƏRİNİN, LİSEY VƏ GİMNAZİYALARIN
I SİNFİNƏ ELEKTRON SƏNƏD QƏBULU SİSTEMİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan
şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumtəhsil müəssisələrinin I sinfə şagird qəbulu üçün elektron ərizələrin qeydiyyatı üzrə
Reqlament

1. Prosesin ümumi təsviri

1.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə 2019-2020-ci dərs ili üçün I sinfə qəbul aşağıdakı prosedurlar üzrə aparılır:
1.1.1. elektron ərizə formasının doldurulması;
1.1.2. tələb olunan sənədlərin təhsil müəssisəsinə təqdim olunması;
1.1.3. uşağın I sinfə qəbul olunması və ya imtina edilməsinə dair qərarın qəbulu.

1.2. 2019-2020-ci dərs ili üçün ümumtəhsil müəssisəsinin I sinfinə fiziki və əqli cəhətdən normal inkişaf etmiş cari ilin sonuna kimi 6 yaşı tamam olan uşaqlar qəbul edilir.

1.3. Bakı şəhərindəki bir sıra məktəblərdə onlayn qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyadan olan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunmalıdır:
1.3.1. valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;
1.3.2. valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyənlər;
1.3.3. bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

1.4. 2018/2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaratmaqla həyata keçirilir.

1.5. Ümumtəhsil məktəblərində 2018-2019-cu tədris ilində digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar I sinifə qəbul zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədən azad olunurlar.

1.6. Ümumtəhsil müəssisələrində 2019-2020-ci dərs ili üçün uşaqların I sinfə qəbulu valideynin (qanuni nümayəndənin) mektebeqebul.edu.az elektron sistemdə qeydiyyatı ilə başlayır:
1.6.1. Onlayn qeydiyyat valideynin (qanuni nümayəndə) özü tərəfindən aparılır;
1.6.2. Hər hansı səbəbdən ərizənin onlayn qeydiyyatını şəxsən aparmaq imkanı olmayan valideynlər (qanuni nümayəndə) Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrini əhatə edən ümumtəhsil müəssisələrində təşkil ediləcək Alternativ qeydiyyat mərkəzlərinin xidmətindən istifadə edə bilərlər;

1.7. Ərizələrin onlayn qeydiyyatı 13.03.2019-cu il tarixdə başlayır və 2019-cu il sentyabrın 15-də başa çatır.

2. Elektron müraciətin sistemdə yerləşdirilməsi

2.1. Valideyn (qanuni nümayəndə) elektron ərizəni doldurmazdan əvvəl mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməli və “Şəxsi kabinet” yaratmalıdır. Onlayn qeydiyyatdan yalnız aşağıda qeyd edilən üç sənəddən biri əsasında keçmək mümkündür:
2.1.1. Azərbaycan Respublikası vətəndaşları üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
2.1.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);
2.1.3. Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının (BMT QAK) Himayə Sənədi.

Qeyd: Valideynlərin (qanuni nümayəndə) onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyatdan keçmək üçün alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz.

Diqqət! Elektron sistemdən zəruri məlumatların və bildirişlərin vaxtında ötürülməsinin təmin olunması məqsədilə valideyn (qanuni nümayəndə) hökmən işlək əlaqə vasitələrini (mobil telefon nömrəsi və ya elektron poçt ünvanı) daxil etməlidir. Əks halda müvafiq məlumat və bildirişi almadığına görə məsuliyyət valideynin (qanuni nümayəndə) üzərinə düşür.

3. Uşağın qeydiyyatı

3.1. Valideyn (qanuni nümayəndə) sistemdə qeydiyyatdan keçib, “Şəxsi Kabinet” yaratdıqdan sonra sistemə uşaq(lar) haqqında məlumatları yerləşdirir:
3.1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.5-ci bəndinə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il cari ilin sonunadək 6 (altı) yaşı tamam olan uşaqlar üçün qeydiyyat açıqdır.

3.2. Elektron ərizənin qeydiyyatı prosesində uşağın təhsil alacağı məktəbin və müəllimin seçilməsi təlim dilindən asılı olaraq aşağıdakı qaydada həyata keçirilir:
3.2.1. təlim dili Azərbaycan dili seçilərsə, uşağın təhsil alacağı məktəb və müəllim valideyn (qanuni nümayəndə) tərəfindən seçilir;
3.2.2. təlim dili digər dildə tədris aparılan bölmə seçilərsə, övladı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibədən uğurla keçdikdən sonra məktəb və müəllim valideyn (qanuni nümayəndə) tərəfindən seçilir;
3.2.3. təlim dili digər dildə tədris aparılan bölmə seçildiyi halda həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibədən keçə bilməyən uşaqlar valideynlər tərəfindən seçilmiş məktəblərin Azərbaycan bölməsinə yerləşdirilir.

3.3. 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlər “Gözləmə” menyusu vasitəsilə boş şagird yerləri yarandığı halda sorğu yerləşdirilməsi üçün növbəyə yazıla bilirlər. Gözləmə menyusunda növbəlilik funksiyası I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə aşağıdakı qaydada aparılır: 3.3.1. “Gözləmə” menyusu vasitəsilə növbəyə ancaq hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideynlər (qanuni nümayəndələrin) yazıla bilir. Valideyn növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilər, ancaq yerləşdirdiyi sorğuya uyğun ərizəni çap edən zaman, onun növbəsinin silinməsi barədə valideynə bildiriş çıxır.
3.3.2. Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə siniflər üzrə boş şagird yerləri olduqda valideynlərə aşağıdakı seçimlər verilir:
3.3.3. “üstünlük hüququm var” – Valideyn qeydiyyatdan keçib, ərazi üzrə məktəbə sorğu yerləşdirib, imtina cavabı aldıqları halda növbəyə yazıla bilir;
3.3.4. “üstünlük hüququm yoxdur, növbəyə yazılıram” – Valideyn qeydiyyatdan keçib, məktəbə sorğu yerləşdirmədən birbaşa növbəyə yazıla bilir.

Qeyd: Bu kateqoriyadan olan məktəblərdə şagird yerləri tutulduqdan sonra növbədə olan və prioritetlərə cavab verməyən sorğular silinir. Bu barədə valideynə bildiriş göndərilir.

3.4. Sistemdə onlayn qeydiyyat uşağın şəxsiyyətini təsdiq edən 4 növ sənəddən biri əsasında mümkündür: 3.4.1. Uşaq Azərbaycan Respublikasının vətəndaşıdırsa:
a) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
b) Azərbaycan Respublikasının vətəndaşının doğum haqqında şəhadətnaməsi.
3.4.2. Uşaq Azərbaycan Respublikasının vətəndaşı deyilsə:
a) Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);
b) BMT QAK-ın himayə sənədi.

Qeyd: Uşaqların onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyatdan keçmək üçün alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz.

Uşağı Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsi ilə qeydiyyatdan keçirən zaman məlumatlar tapılmazsa, Siz qeydiyyatdan keçmək üçün alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz.

Diqqət! Valideynin (qanuni nümayəndənin) 3 (üç) uşağı qeydiyyatdan keçirmək hüququ vardır. Əlavə uşaq qeydiyyatdan keçirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də info@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu, eləcə də ganja@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, eləcə də sumgayıt@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Mingəçevir Şəhər Təhsil Şöbəsinin (0-2427) 5-47-65 nömrəli telefonu, eləcə də mingachevir@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Naftalan Şəhər Təhsil Şöbəsinin (0-2235) 2-30-64 nömrəli telefonu, eləcə də naftalan@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Şirvan Şəhər Təhsil Şöbəsinin (0-2121) 5-02-91 nömrəli telefonu, eləcə də shirvan@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, eləcə də absheron@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Yevlax Rayon Təhsil Şöbəsinin (0-2233) 6-33-84 nömrəli telefonu, eləcə də yevlakh@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Samux Rayon Təhsil Şöbəsinin (0-2227) 51-159 nömrəli telefonu, eləcə də samukh@edu.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət etmək lazımdır.

3.5. Sistemdə onlayn istifadə olunan bütün növ sənədlərin qeydiyyatı avtomatik olaraq dövlət elektron məlumat sistemindən alınmış məlumatlar əsasında aparılır.

4. Elektron ərizə doldurulmasının xüsusiyyətləri

4.1. “Şəxsi Kabinet”də tələb olunan məlumatlar addım-addım daxil edilir və məktəbə sorğu yerləşdirildikdən sonra elektron ərizə formalaşır.

4.2. Əgər elektron ərizə formasında sahələrin doldurulması prosesində daxiletmə formatında səhvə yol verilibsə və ya doldurulması zəruri olan sahələrə müvafiq məlumat daxil edilməyibsə, sistemdə “Səhvdir” bildirişi çıxır. Bu halda ərizənin qeydiyyatı mümkün deyildir. Prosesin davamı üçün düzəlişlərin edilməsi vacibdir.

5. Məktəbin seçilməsi

5.1. Valideyn (qanuni nümayəndə) qəbul qaydasından asılı olaraq elektron sistemdə mövcud olan 2 növ məktəbdən birini seçmək imkanına malikdir:
5.1.1. ümumtəhsil məktəbi;
5.1.2. lisey və ya gimnaziya

Əgər valideyn Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarını seçmişdirsə, sistem həmin rayon və şəhərlərin ümumtəhsil məktəblərindən birini seçməyi təklif edəcək.

5.2. Bu Reqlamentin 1.3-cü bəndində nəzərdə tutulmuş I sinfə üstün qəbul hüquqları məktəb seçimi zamanı aşağıdakı qaydada yoxlanılıb, təsdiq olunduqdan sonra reallaşır:
5.2.1. yaşayış ünvanının məktəbin mikroərazisində yerləşdiyi "Azərişıq" ASC-nin kodu vasitəsi ilə eyniləşdirilir;
5.2.2. valideynlərin (qanuni nümayəndə) həmin məktəbdə işləməsi “Ümumi Təhsil Müəssisələrinin Məlumat Sistemi” ilə eyniləşdirilir;
5.2.3. uşağın bacısı və ya qardaşlarının həmin məktəbdə oxuması “Ümumi Təhsil Müəssisələrinin Məlumat Sistemi” ilə eyniləşdirilir;
5.2.4. Qeydiyyata alınmış elektron ərizələrdəki məlumatlar işçi qrupu tərəfindən dəqiqləşdirildikdən sonra 3 (üç) iş günü ərzində sistemə yerləşdirilir və valideynə (qanuni nümayəndə) SMS və ya elektron poçt vasitəsilə bildiriş göndərilir.

Diqqət! Uşağın yaşından və seçilmiş məktəbin növündən asılı olaraq, bildirişin mətni və mahiyyəti fərqlənə bilər.

5.2.5. Elektron ərizənin qeydiyyatı prosesində uşağın təhsil alacağı məktəbin və müəllimin seçilməsi təlim dilindən asılı olaraq aşağıdakı qaydada həyata keçirilir:
5.2.6. təlim dili Azərbaycan dili seçilərsə, uşağın təhsil alacağı məktəb və müəllim valideyn (qanuni nümayəndə) tərəfindən seçilir;
5.2.7. təlim dili digər dildə tədris aparılan bölmə seçilərsə, övladı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibədən uğurla keçdikdən sonra məktəb və müəllim valideyn (qanuni nümayəndə) tərəfindən seçilir;
5.2.8. təlim dili digər dildə tədris aparılan bölmə seçildiyi halda həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibədən keçə bilməyən uşaqlar bu Qaydalara uyğun olaraq valideynlər tərəfindən seçilmiş məktəblərin Azərbaycan bölməsinə yerləşdirilir.
5.2.9. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrində, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik gimnaziyada 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı təlim dili digər dildə tədris aparılan bölmə seçilərsə şagird qəbulu sistemində qeydiyyat aşağıdakı qaydada aparılır:
5.2.10. qeyd olunan kateqoriyaya aid təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyat ünvanı üzrə yaşayan valideynlər (qanuni nümayəndələr) elektron sistemdə müvafiq “ərazi üzrə” bölməsini seçərək övladının həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibədən uğurla keçməsindən sonra təhsil müəssisəsinə sorğu yerləşdirə bilərlər;
5.2.11. digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) elektron sistemdə “müsabiqə yolu ilə qəbul” xanasını seçib övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər;

Diqqət! Uşağa “xüsusi təhsil” forması seçilmişdirsə, elektron ərizə qeydiyyata alınacaq, lakin Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) qərarı olmadan məktəb sənədləri qəbul etməyəcək. PTPK hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək 268 nömrəli xüsusi məktəbin binasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 38.

6. Müəllimin seçilməsi

6.1. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün təhsil aldığı məktəb və müəllim avtomatik olaraq sistem tərəfindən seçilir. Sistem tərəfindən sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə “Şəxsi Kabinet”dən ərizəni çap edib, lazımi digər sənədlərlə birgə məktəbə təqdim etməlidir. Valideyn seçimini dəyişmək istədiyi təqdirdə “Sorğunu sil” düyməsini sıxaraq yenidən seçim edə bilər.

6.2. Məktəb və tədris dili seçildikdən sonra istifadəçi üçün müəllimlərin siyahısından seçim etmək imkanı yaranır. Hər hansı bir müəllimin dərs deyəcəyi sinifdə şagird yerləri dolduqda həmin sinfə qəbul dayandırılır.

Elektron müraciətin silinməsi

6.3. Valideynin (qanuni nümayəndə) uşağın məktəbə qəbulu üzrə elektron ərizəni silmək imkanı var. Ərizə sistemdən silindiyi halda azad olmuş yer başqa istifadəçi tərəfindən tutula bilər.

7. Sənədlərin qəbulu

7.1. Müraciət prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra I sinfə elektron ərizə vermiş valideyn (qanuni nümayəndə) ümumtəhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidir:
7.1.1. Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
7.1.2. Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
7.1.3. xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
7.1.4. digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
7.1.5. uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
7.1.6. 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
7.1.7. Valideynin (qanuni nümayəndə) “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” (mütləqdir). Ərizədə valideynin (qanuni nümayəndənin) və məktəb direktorunun imzası vacibdir. Ərizə uşağın sənədlərinin məktəbə qəbulu üçün əsas sayılır. Ərizənin çapına imkanı olmayan valideyn (qanuni nümayəndə) üçün həmin sənədin məktəbdə çap edilməsinə şərait yaradılır.

7.2. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir.

7.3. Sənəd qəbulu 2 mərhələdə həyata keçirilir:
7.3.1. Birinci mərhələ 11 mart 2019-cu il tarixdən 14 iyun 2019-cu il tarixədək olan dövrü əhatə edir. 20 iyun 2019-cu il tarixədək sənədləri təqdim etməyən valideynlərin məktəbə yerləşdirdiyi elektron sorğu 20 iyun 2019-cu il tarixdə silinəcəkdir.
7.3.2. İkinci mərhələ isə 16 iyun 2019-cu il tarixdən 18 sentyabr 2019-cu il (iyul ayı istisna olmaqla) tarixədək olan dövrü əhatə edir. 18 sentyabr 2019-cu il tarixdən sonra sənədləri təqdim etməyən valideynlərin məktəbə yerləşdirdiyi elektron sorğu silinəcəkdir.

7.4. Uşağın ümumtəhsil müəssisəsinin I sinfinə qəbulundan aşağıdakı hallarda imtina edilə bilər:
7.4.1. elektron ərizənin qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda;
7.4.2. bu Qaydaların 7.1-ci bəndində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərlə qeydiyyat məlumatları arasında ziddiyyət müəyyən olunduqda;
7.4.3. qanunvericiliyin və bu qaydaların tələblərinin pozulduğu digər hallarda.

7.5. Bütün hallarda imtina təhsil müəssisəsinin məsul şəxsi tərəfindən əsaslandırılmalıdır. “İmtina et” düyməsi basıldıqdan sonra sistemdə bunun üçün xüsusi nəzərdə tutulmuş sahəyə imtinanın səbəbi daxil edilməlidir. Bundan sonra valideynə (qanuni nümayəndəyə) Apelyasiya komissiyasına (komissiyanın ünvanı və iş rejimi barədə elan nəzərəçarpan yerdə asılmalıdır) müraciət etmək hüququnun olduğu izah edilir.